“Əmək qanunvericiliyində mövcud olan problemlərin müzakirəsi və həlli yolları” adlı tədbir keçirilib. “Müstəqil Həmkarlar Birliyi” və “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, II qrup Qarabağ müharibəsi əlili Növrəstə Yusifova, “Müstəqil Həmkarlar Birliyi”nin sədr müavini Əhməd Rəhmanov, “Azad İstehlakçılar Birliyi”nin sədr müavini Ədülfəz Rzayev, “Azərbaycan Dünya İnformasiya Məkanında” İctimai Birliyinin sədri Kamil Abdullayev, Bakı Milli Televiziyası İnternet Kanalının rəhbəri, II qrup Qarabağ müharibəsi əlili İlham Rəsulzadə, Səhiyyə eksperti Mərziyyə Məmmədova, Qarabağ müharibəsi əlili Rasim Mehdiyev, “Salyan Regional Qaz İdarəsi”nin ixtisara salınmış iqtisadçısı Pərvanə İsmayılova, həkim Ramin Abdullayevin atası Şakir Abdullayev iştirak ediblər.
Versus.Az xəbər verir ki, tədbirdə son illərdə əmək bazarında yaranmış baxımsızlıqdan danışan Əhməd Rəhmanov istər dövlət, istərsə də özəl sektorda əmək hüquqlarının pozulması hallarının əsas səbəblərindən biri kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətsizliyini görür.
O, qeyd edib ki, son illərdə qurum rəhbərliyinin “lazımsız yoxlamaları dayandırın” məzmunlu tapşırığını özünəməxsus şəkildə şərh edərək, hətta vətəndaşların şikayətləri əsasında belə yerində yoxlama aparılmır, şikayət yalnız işəgötürən quruma göndərilir və alınan cavabla məsələ bitmiş hesab olunur:
“Təqdim edilən cavabın reallığı əks etdirməsi belə yoxlanılmır və müəssisələrdə monitorinq aparılmır. Bu isə işəgötürənlərə sənəddə bir, realda isə tam başqa vəziyyət yaratmaq imkanı verir”.
Növrəstə Yusifova isə deyir ki, əgər vaxtilə bəzi işəgötürənlər imtiyazlı şəxsləri işdən uzaqlaşdıranda bir neçə dəfə ölçüb-biçirdilərsə, bu gün heç bir hesabat vermədən və cəza almadan Qarabağ qaziləri, şəhid ailələrinin üzvləri və müharibə veteranları əvvəl ixtisara salınır, sonra “xoşun gəlmirsə, get ver məhkəməyə” kimi ifadələrlə qarşılaşdırılır:
“Sual olunur, bəs Vətən uğrunda canını ortaya qoyan bu qazi ailəsini nə ilə dolandıracaq. Səhiyyə və Sosial Müdafiə Nazirliklərinin bir-biri ilə koordinasiyasız fəaliyyəti nəticəsində əlilliyi olan şəxslər kompleks müalicə və reabilitasiya ala bilmir. Bu isə onların sağlam şəkildə işə qayıtmasını əngəlləyir və işəgötürənlərə belə şəxsləri işə qəbul etməmək üçün əlavə bəhanə yaradır”.
N.Yusifova vurğulayıb ki, əlilliyi olan şəxslərin işlə təmin olunması üçün tətbiq olunan kvotaların yerinə yetirilməməsinə görə indiyədək hansısa müəssisəyə cərimə tətbiq edilməyib.
Bu gün Azərbaycanda əmək və sosial hüquqlarını qoruya bilməyən vətəndaşların məcburiyyət qarşısında qalaraq sosial mediaya üz tutduqlarını deyən Kamil Abdullayev hesab edir ki, bu da bəzən xarici media qurumlarının anti-Azərbaycan təbliğatının “dəyirmanına su tökmək” kimi anlaşılır:
“Əgər ölkədə hər iki müraciətdən biri dövlət başçısına və vitse-prezidentə ünvanlanırsa, deməli icra orqanları səviyyəsində qanunların tətbiqində ciddi problemlər mövcuddur. Yerli icra strukturlarının bir hissəsi savadsızlıqdan, bir hissəsi isə bilərəkdən vətəndaşın sadə məsələsini çətinləşdirir və insanları dövlətə qarşı narazı salır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq bu halları aşkara çıxarmaq və hüquq-mühafizə orqanlarından tədbir tələb etmək bizim borcumuzdur”.
Səhiyyə eksperti Mərziyyə Məmmədova isə həkim və kiçik tibbi personal üçün 2020-ci ildən İcbari Tibbi Sığorta tərəfindən təsdiq edilmiş əməkhaqqı əlavələrinin tam ödənilməməsi və bu problemlərin həlli üçün dövlət qurumlarına müraciət edənlərin iş yerlərində təqib edilməsinə diqqət çəkib:
“Bu məsələlərlə bağlı illərdir üzvü olduğum həmkarlar ittifaqına müraciət etdikdə “biz yalnız tövsiyə verə bilərik” cavabı ilə qarşılaşırıq”.
M.Məmmədova eyni zamanda son günlər əmək hüquqlarını müdafiə etdiyi üçün təzyiqlərə məruz qalan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda çalışan radioloq Ramil Abdullayevin işini də misal göstərərək, eyni hadisələrə özünün də məruz qaldığını vurğladı:
“Bütün müraciət etdiyim orqanlar sakitcə mənim işdən azad olunmağıma tamaşa etdi, heç bir tədbir görmədilər. Səhiyyə Nazirliyi və TƏBİB arasında soyuq müharibənin “qurban”ı həkimlər olur. Onları 2-3 vəzifədə təyin edən bu müəssisələrin rəhbərləri ikili ştat cədvəli, mühasibatlıq və sənəd saxtakarlığına, korrupsiya və dövlət əmlakının mənimsənilməsinə çəkinmədən əl atır, bu azmış kimi, onların işlərini yerli həmkarlar komitələri və Səhiyyə Nazirliyinin Daxili Nəzarət şöbəsi ört-basdır edir”.
M.Məmmədova qeyd edib ki, həkim və əlilliyi olan şəxslər müalicə, reabilitasiya, əlillik təyinatı, sosial müavinətlər və işə reinteqrasiya proseslərində müxtəlif dövlət qurumları arasında daşıma əməliyyatına məruz qalırlar. Bu xidmətlərin parçalanmış formada olması səbəbindən vətəndaş bir problemin həlli üçün 4-5 ayrı quruma müraciət etməli olur ki, bu da əlavə vaxt, resurs və bürokratik yük yaradır:
“Hazırkı modeldə eyni iş sahəsinə dair çoxsaylı elektron sistemlər mövcuddur: e-səhiyyə, e-təbib, myGov.az, e-sosial, e-ərizə, DOST sistemi və sair. Lakin bu sistemlər bir-birilə inteqrasiya olunmadığı üçün xəstənin məlumatı müxtəlif platformalarda təkrar toplanır, bəzən isə ümumiyyətlə itir və proses uzanır. Əlilliyi olan və ya xəstə olan şəxslər onsuz da zəif vəziyyətdədirlər. Onlardan 5 ayrı quruma müraciət etməyi tələb etmək ədalətli deyil. Dünyada bu xidmətlər vahid sistemlə - bir pəncərə ilə təşkil olunur”.
M.Məmmədova bildirib ki, bir çox ölkələrdə reabilitasiya + sosial təminat + tibbi xidmət + işə qayıdış vahid idarəetmə blokunda həyata keçirilir və bu modelin effektivliyi klinik və sosial nəticələrdə özünü göstərir. Onun sözlərinə görə, bu idarəetmə yanaşması xəstənin tez sağalmasını, tez reabilitasiya olunmasını, yenidən əmək bazarına qayıda bilməsini təmin edir və dövlətin daşıdığı sosial yükü azaldır.
Müzakirələrdə iştirak edən Şakir Abdullayev deyilənləri təsdiqləyərək, bütün təqiblərin nəticəsində oğlu doktor Ramil Abdullayevin bu gün səhər xəstəxanaya yerləşdirildiyini bildirdi. O qeyd etdi ki, oğlunu bu vəziyyətə salan şəxslərə qarşı qanun çərçivəsində amansız mübarizəyə başlayır və dövlətin yaratdığı hüquqi imkanlarla oğlunun mübarizəsini dəstəkləyəcək.
“Azad İstehlakçılar Birliyi”nin sədr müavini Ədülfəz Rzayev quruma əmək hüquqları ilə bağlı çoxlu şikayət daxil olduğunu dedi. Bildirdi ki, öz əməyini və biliklərini satan və onu alan hər bir kəs istehlakçıdır.
Salyan Regional Qaz İdarəsinin ixtisara salınmış iqtisadçısı Pərvanə İsmayılova çıxışında bildirdi ki, son aylarda “Azəriqaz”ın regionlarda yerləşən şöbələrində yerli rəhbərlər özlərini “xan-bəy” kimi aparırlar. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olmayan “attestasiya” adlı proses qurularaq, komissiyalara yaxın şəxslər təyin edilir və işçilərin bilik səviyyəsini qiymətləndirmək adı ilə onlara ya “öz ərizənlə çıx”, ya da “attestasiyanı keçmədiyinə görə ixtisara düş” seçimləri təqdim olunur:
“Attestasiyanın protokolu, keçirilməsi barədə əmri və komissiya üzvlərinin səlahiyyəti barədə məlumat tələb edildikdə cavab verilmir. Hamıya eyni şablon cavab ünvanlanır - “narazısansa, get ver məhkəməyə”. Məhkəmədə dövlət rüsumu olmasa da, mediasiya və vəkil xərcləri yüksək olduğundan əksər işçilər hüquqlarını müdafiə edə bilmirlər”.
Müzakirələrin sonunda yekun müraciət - təkliflər siyahısının hazırlanması barədə qərar qəbul olunub. Hazırlanan ilk versiya iştirakçılara təqdim edilib və bildirilib ki, sənəd tam formalaşdıqdan sonra Prezidentə və Milli Məclisə göndəriləcək.
Siyahını təqdim edirik:
Səhiyyə Nazirliyi, TƏBİB və Əmək və Sosial Müdafiə Nazirliyinin sosial-reabilitasiya blokları vahid strukturda birləşdirilsin və “bir pəncərə” prinsipi tətbiq olunsun;
İcbari Tibbi Sığorta sisteminə klinik protokollar təsdiqlənmədən tibbi proseslərə müdaxilə səlahiyyəti verilməsin; həkimlərin maaşlarından və müəssisələrdən “pul silinməsi” praktikasına son qoyulsun;
Tibbi personal üçün təsdiqlənmiş əməkhaqqı əlavələri tam ödənilsin və hüquqlarını müdafiə edən tibb işçilərinə qarşı mobbing və təqib halları aradan qaldırılsın;
Qazi, şəhid ailəsi və əlilliyi olan şəxslər üçün müalicə + reabilitasiya + sosial təminat + məşğulluq prosesləri vahid idarəetmə modelinə keçirilsin;
Əlilliyi olan şəxslər üçün kvota sistemi real işlənsin; kvotanı yerinə yetirməyən müəssisələrə inzibati tədbirlər tətbiq olunsun;
Dövlət Əmək Müfəttişliyi Xidməti şikayətlər üzrə yerində yoxlamanı bərpa etsin və yalnız məktub mübadiləsi ilə kifayətlənməsin;
“Həmkarlar İttifaqları haqqında” Qanuna dəyişiklik edilərək müstəqil həmkar birliklərinin hüquqi statusu tanınsın və onların işçiləri real şəkildə təmsil etməsi təmin edilsin;
Attestasiyalar yalnız qanuni əsaslarla, şəffaf komissiya tərkibi ilə və sənədləşdirilmiş qaydada keçirilsin. Attestasiya adı altında ixtisar və məcburi ərizə praktikasına son qoyulsun;
Əmək məhkəmələrində zərərçəkmiş işçinin birbaşa iştirakı təmin edilsin və onun mövqeyi məhkəmə tərəfindən dinlənilsin;
Əmək mübahisələrində vətəndaşın hüquqi müdafiəyə çıxışı asanlaşdırılsın; mediasiya və vəkil xərcləri üçün dövlət dəstəyi mexanizmləri nəzərdən keçirilsin;
Qanunu pozan hakimlərə qarşı ciddi tədbirlər görülsün, iş üzrə qərarların obyektivliyi və şəffaflığı təmin edilsin;
Əmək mübahisələrinin həlli mexanizmi yenidən qurulsun - eyni mövzu üzrə Dövlət Əmək Müfəttişliyi və Məhkəmənin paralel və ziddiyyətli tənzimlənməsinə son verilsin; proses ya vahid quruma verilsin, ya da müfəttişlik real səlahiyyətləndirilsin, ya da ləğv edilsin.
Arzu Zeynallı